Aytac Sadəddinova ilə SMM: Latte və İntervü

tərəfindən Şamil Kazımlı
Aytac Sadəddinova ilə İntervü-dən şəkil

Məni təəccübləndirən, bilirsən nə idi? Görüşün belə maraqlı baş tutacağını və məhsuldar olacağını gözləmirdim. Amma SMM sahəsində fəaliyyət göstərən Aytac xanımla danışanda ortaq dəyərlər tapdığımızı gördüm. Uzatmadan Aytac xanımla olan intervüyə keçirəm.

  1. SMM-ə necə başladın? 

Bakıda yox, rayonda yaşayırdım. Öz kiçik onlayn aksessuar səhifəm var idi. Instagram-da kiçik bir mağaza açmışdım. Belə-belə İnstagram platformasının dərinliklərini öyrənməyə başladım. Araşdıra-araşdıra reklamları, məzmunların düzgün hazırlanmasını və s. öyrəndim. Sonra başladım müştərilərlə əlaqə saxlayıb, tanışlıq qurmaq və satış etməyə. Yavaş-yavaş müştəri qavramını daha yaxşı dərk etdim. Sonra marketinq sahəsinə həvəsimin olduğunu gördüm. 

  1. Neçənci illərdən söhbət gedir?

2017-18-ci illər idi. Sonra səhifəm dondu bir ara, mən keçdim Qrafik Dizayn öyrənməyə. Amma zamanla gördüm ki, Dizayn etməkdən daha çox mənə səhifələrin marketinq prosesləri daha maraqlı gəlir. Reklamlar, səhifələrin optimizə olunması və müştərilərlə əlaqələr məni daha cəlb edirdi. Sosial Media Marketinqinə belə marağım olduğunu görəndə isə başladım internetdən self-study etməyə. Kursların bu barədə faydası çox oldu. 

  1. SMM-in ən çox hansı hissəsini sevirsən?

Kontent. Təbii ki, hər hissəsinə xüsusi sevgim var, amma birini seçməli olsam, kontent seçərəm.

  1. Hansı tip məzmunları sevirsən əsas?

Yazı-pozu işlərində ən çox Qrafik postların kontentlərini yazmağı sevirəm. Amma əsas Reels tipli kontentlərə fokusluyam, son vaxtlar. 

  1. Reels hazırlayanda ən çox nəyə fikir verirsən?

Özümə həmişə bir sual verirəm: İnsanlar bu məzmunu niyə izləsin? Həmçinin, brendin olduğu industriya trendlərini izləmək vacibidir.

  1. Bəs postlardakı yazılarda xüsusi bir düsturun var?

Düstur deməzdim, amma səmimiyyət çox vacibdir. Hər bir müştəri bunu görmək istəyir. Bunu yazanın bir canlı olduğunu bilməlidir auditoriya.

  1. Evdən işləmək necə hisdir?

Gözəlll…😂  Evdən yox, coffeeshop-dan işləmək deyərdim. Çünki evdə olanda çox rahat olursan və bu işə mane ola bilir. 

Bir də görürsən yatmısan.

Eynən…

  1. İşləyəcəyin şirkətlərlə necə kontakta girirsən?

Əsasən tanışlıqlar vasitəsilə olur. Və işim bəyənildikcə bu əlavə müştərilər də gətirir. 

  1. Səncə, Azərbaycandakı Marketoloqların ən böyük problemi nədir?

Qiymətləri. İşlərinə layiqincə dəyər qoymurlar.

  1. Şirkətlər niyə layiqli qiyməti vermirlər bəs?

Çünki işçilər tələb etmirlər (Və ya şirkətin maddi vəziyyəti buna əl vermir)

  1. SMM Portfolio-su hazırlayanda ən çox nəyə fikir verirsən?

Əgər hazırlamağa vaxtım olsa… Düzü, daha uğurlu işlər hansılardırsa, onların öndə olmasına fikir verirəm. Bir də, müştəri və ya şirkətin ehtiyacı olmayan şeyləri qoymamaq daha yaxşıdır.

  1. Səncə, bir SMM mütəxəssisinin kitab oxumağa ehtiyacı var?

Var. Şəxsi İnkişaf, ümumi bizneslə bağlı və psixologiya kitabları tövsiyə edərdim. Hətta bədən dili filan da öyrənsələr, əla olar. Müştərilərlə üz-üzə danışanda vacib olur. 

  1. Əgər yenidən doğulsan, amma SMM seçmək şansın olmasa, hansı sahəni seçərdin?

Psixologiya.

  1. Instagram story-lərində necəsən?

Özüm kimiyəm. 

  1. Bəs şirkət səhifələrində story-lərdə davamlılığı necə qoruyursan?

Normalda stok story-lərim olur və hamısını planlayıram. Çalışıram gündə 1 saatdan bir story paylaşım. 

  1. Bunu vaxtında və planlı etmək üçün nədən istifadə edirsən?

“Budilnik”😂

Bunu illər əvvəl icad ediblər, təzə tool-a zada ehtiyac yoxdur. Bir də görürəm, xatırlatma gəlir ki, “Filankəsin caption-ı hazırdır?”

  1. Bu sahədə ən ali missiyan nədir?

Böyük brendlərlə çalışıb onların strategiyalarına güclü töhfə vermək istəyirəm. Həmçinin, brendlərini yüksək səviyyələrə çatdırmaq və onlar üçün böyük şeylər etdiyimi anlamalarını istəyirəm. Həmçinin, təlimlər də keçmək fikrim var gələcəkdə. Çünki bilikli və bacarıqlı kadrlar azdır və ölkədə kifayət qədər boş təlimçilər var. 

Söhbət getdi başqa yerlərə.

Deməli, adamlar kontent yaradırlar, bilmirlər ki, bunu niyə edirlər. Reklama qoyacağam, kontent lazımdır. Yox axı. Belə olmamalıdır. 

  1. Əslində, bu SMM, Rəqəmsal Marketinq və ya hər hansı qolu. Sadəcə vasitədir. Əgər niyəsini və nə mesaj ötürəcəyini bilmirsənsə, mənası yoxdur heç birinin. 

Bu dəqiqə, hamı reels çəkir. Hamı Capcut-da edit-ləyə bilir. 8 yaşlı uşaq da. Amma bu və məzmun yaratmaq eyni şeylər deyil. Bir məqsəd olmalıdır. Ona görə, nəzəri biliklərin də olması çox vacibdir. 

Aytac xanımla söhbət etmək, həqiqətən xoş idi. Ona görə, zamanla bu sahədəki digər şəxslərlə də intervülərimi paylaşacağam. 

Siz də bəyənə bilərsiniz