Marketinq sahəsi ilə maraqlanırsansa, bu aralar sosial media marketinqi ilə bağlı məzmunlarla bombardman edildiyini təxmin edirəm. Nəticədə, trend halını alan bu sahə əmək bazarındakı populyarlığını artırmağa davam edir. Gözlənilən hal idi, çünki brendlərin artıq onlayn mövcudluğu zəruri hal alır. Hətta əvvəllər bu sadəcə onlayn mövcudluq idisə, indi həm də rəqiblərdən fərqlənmək və daha çox kütləyə xitab edə bilməklə bağlıdır.
Belə bir tələbatın yarandığı vəziyyətdə sosial media marketinqinin geniş vüsət alması qaçınılmazdır, elə deyil?
Bəs nədir bu Sosial Media Marketinqi?
O, brendinizin hekayəsini rəqəmsal dünyada insanlara çatdırmaqdır, sadə dildə desək. Sosial media deyəndə ağlınıza gələn İnstagram, Facebook, Tiktok və s – hər biri bu hekayəni çatdırmaq üçün fərqli zəmin yaradır. Bunun hansı strategiya və alətlərlə ediləcəyi isə sosial media marketoloqunun peşəkarlığından asılıdır. Sahə haqqında daha dərindən məlumat almaq üçün Sosial Media Marketinqi haqqında bilməli olduğun 10 element yazımı oxuya bilərsən.

SMM üçün 2024 trendləri
İllər keçdikcə sosial media kanallarında rəqabət artdığından fərqlənmək, aktivliyi qoruyub saxlamaq və məzmunların keyfiyyət və faydalılığını yüksək saxlamaq vacibləşir. 2024-cü il üçün isə vacib olan nüanslardan bəzilərini sadalasam, bunlar müştərilərlə ünsiyyət, şəbəkələşmə, səmimiyyət və video kontentlərdən istifadə deyərdim.
Müştərilərlə ünsiyyət
2024-cü ildə SMM müştərilərlə operativ və fərdiləşdirilmiş ünsiyyət ətrafında fırlanır. Artıq müştərilərə sosial mediada sürətli cavabların verilməsi və onların problemlərinin həll edilməsi daha vacib hal alır. İnsanlar artıq hər şeyin daha tezini, səmimisini və özlərinə fərdi yanaşma tələb edirlər. Yəni səninləə əlaqə saxlayan şəxslərlə individual olaraq ünsiyyətdə olaraq və onları dinləyib problemlərini həll edərək daha asan etibar qazana bilərsən.
Şəbəkələşmə
Əməkdaşlıq etdiyin brendlərlə əlaqədə olmaq, onların məzmunlarında səmimi şərhlərini bölüşmək və münasibətinizi onlayn dünyaya daşımaq brend tanınırlığı və nüfuzu baxımından sənə müsbət geridönüş qazandıracaq. Bunu qarşılıqlı edərək ətrafını daha da böyüdəcək, daha böyük uğurlara qapı açacaqsan.
Onlayn Səmimiyyət
İnsanlar süniləşən sosial media dünyasında artıq səmimiyyət və təbii emosiyalar axtarırlar. Bu səbəbdən də sosial mediada hekayə yönümlü məzmunlar, influenser marketinqi və video kontentlərə tələbat artır. Nəticədə, insanlar özləri ilə rezonans doğuran hekayələrə və üzünü gördüyü, davamlı izlədiyi şəxsin məsləhətlərinə inanmağı seçirlər. Mümkün qədər brendinizin arxasında da izləyicinə bənzər bir şəxsin olduğunu bütün məzmunlarda hiss etdirməyin faydası böyükdür.
Bu səbəbdən brend şəxsiyyətinin və hekayəsinin yaradılması çox vacibdir, təbii ki.

Video Məzmunlar
Video məzmunlar hələ də daha böyük kütləyə xitab etməyə davam edir. Çünki hekayəni və emosiyaları çatdırmaq və müştəri diqqətini saxlamaq daha rahatdır. Bu statik şəkillərin və mətnlərin məhdudiyyətlərini aşır. Onlar həm maarifləndirir, həm əyləndirir, həm də müştəriləri davamlı maraqda saxlayır.
Instagram, Facebook, YouTube və TikTok kimi platformalar videoya üstünlük verməyə davam edir, brendlərə daha çox görünürlük və auditoriyaya çıxış potensialı təklif edir. Əlbəttə, bu demək deyil ki, sadəcə video məzmunlardan istifadə etmək lazımdır.
Sosial media dünyası davamlı dəyişir. Brendini uğurlu etmək üçün tendensiyaları izləmək lazımdır. Artıq sosial mediada müştərilərə sürətli geridönüş etməli, digər brendlərlə əlaqələr qurmalı, real olmalı və düzgün videolardan istifadə etməlisən. Bütün bunları yaxşı bacarsan, brendin sosial media dünyasında daimi fərqlənəcək.